Ukraynalı məşhur yazıçı: Azərbaycan türkdilli ölkələr arasında əməkdaşlığın inkişafı üçün müstəsna əhəmiyyət kəsb edir

Ukraynalı məşhur yazıçı: Azərbaycan türkdilli ölkələr arasında əməkdaşlığın inkişafı üçün müstəsna əhəmiyyət kəsb edir

Hazırda Azərbaycan beynəlxalq əməkdaşlığın və ümumbəşəri dəyərlərin möhkəmlənməsinə yönəlmiş qlobal beynəlxalq layihələrin yüksək səviyyədə həyata keçirildiyi əsas ölkələrdən biridir.

Ukraynalı məşhur yazıçı, Taras Şevçenko adına Milli mükafat laureatı Qriqori Hüseynov bu fikirləri AZƏRTAC-a müsahibəsində oktyabrın 15-də Bakıda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünün yekunlarını şərh edərək söyləyib.

Onun sözlərinə görə, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünün keçiriləcəyi məkan kimi məhz Bakının seçilməsi təsadüfi deyil, çünki Azərbaycan türk xalqlarının mədəni irsinin, onların identikliyinin qorunub saxlanması, türk ölkələri arasında mədəni, sosial, iqtisadi və dostluq əlaqələrinin möhkəmlənməsi üçün çox böyük işlər görüb.

Yazıçı deyib: “Azərbaycan həm də multikulturalizm və tolerantlıq siyasətini həyata keçirən, müxtəlif dinlərin və etnosların mədəni və memarlıq irsini qoruyub saxlayan nümunəvi dövlətdir”.

Xatırladaq ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə bu təşkilata sədrlik Qırğızıstandan Azərbaycana keçib. Qriqori Hüseynovun sözlərinə görə, Azərbaycanın sədrliyi dövrü həm türk xalqları, həm də bütün dünya üçün tarixi əhəmiyyət kəsb edən bir sıra mühüm layihələrlə əlamətdar olacaq.

Tanınmış yazıçı deyib: “Azərbaycan həm regionda, həm də dünyada böyük nüfuz sahibidir. O, sülh, mehriban qonşuluq, beynəlxalq hüquq və tolerantlıq kimi dəyərlərin bərqərar olması üçün öz imkanlarından istifadə edir. Düşünürəm ki, Azərbaycanda görülən işlər türk xalqları arasında əməkdaşlığın inkişafı, qarşılıqlı fəaliyyət üçün yeni platformalar yaradılması baxımından müstəsna əhəmiyyət kəsb edir”.

Добавить комментарий