Politoloq: Serbiyanın Ermənistanla əlaqələri rəsmi Belqrad üçün iqtisadi fayda verməyəcək


Serbiyanın Ermənistanla hərbi sahədə mümkün əməkdaşlığını rəsmi Belqradın beynəlxalq nüfuzuna xələl gətirəcəyini birmənalı şəkildə ifadə etmək olar.

Bunu Trend-ə Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib.

Onun sözlərinə görə, bir neçə gün öncə rəsmi Belqradın dəvəti ilə Ermənistan Parlamentinin spikeri Ararat Mirzoyan və erməni nümayəndə heyəti Serbiya Respublikasına rəsmi səfər edib:

"Erməni mediasında yayımlanan xəbərlərə əsasən deyə bilərik ki, bu səfər zamanı hərbi sənaye sahəsində Serbiya ilə əməkdaşlıq məsələləri də müzakirə edilən mövzulardan biri olub. Xüsusilə qeyd etmək lazımdır ki, son dövrlərdə iki ölkə arasında əlaqələrin dərinləşməsini müşahidə edirik. Belə ki, yaxın zamanlarda Ermənistanda Serbiya Respublikasının səfirliyinin açılması və erməni vətəndaşları üçün viza rejiminin ləğv edilməsi gözlənilir. Həmçinin keçən ilin oktyabr ayında Serbiya Respublikasının Avrasiya İqtisadi Birliyi ilə azad ticarət sazişini imzalaması iki ölkə arasında əlaqələrin inkişafına təkan verən bir amil kimi qiymətləndirilir".

Digər bir məqam da Ararat Mirzoyanın Serbiya Prezidenti ilə görüşündə Dağlıq Qarabağla bağlı etdiyi çıxışla əlaqədardır. Mirzoyanın fikrincə, öz müqəddəratını təyin etmə statusu (self-determination) Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyi üçün yeganə təminatdır.

İ.Hüseynov bildirib ki, bu günə qədər Serbiya ilə Azərbaycan arasında həm siyasi, iqtisadi, həm də humanitar sahədə əlaqələr yüksələn xətt üzrə inkişaf edib. Serbiyanın Azərbaycanla enerji sahəsində əməkdaşlığının böyük perspektivləri var:

"Təsadüfi deyil ki, Serbiya Cənub Qaz Dəhlizində iştirak etməkdə maraqlı olmaqla yanaşı, Trans-Adriatik Boru Kəməri (TAP) layihəsinə də qoşulmağa iddialıdır. Buna görə də Serbiya-Ermənistan əlaqələrinin intensivləşməsi, həmçinin mütəmadi səfərlərin təşkili Serbiya və Azərbaycan arasında olan iqtisadi, ələlxüsus enerji sahəsində mövcud əlaqələrin ruhuna uyğun deyil. Serbiyanın Ermənistanla əlaqələri rəsmi Belqrad üçün iqtisadi zəmində heç bir fayda verməyəcəyini indidən söyləmək olar. Serbiya-Ermənistan əlaqələrində olan intensivlik rəsmi Bakının diqqətindədir. Lakin bununla yanaşı, Ermənistanla Serbiya arasında hərbi sahədə mümkün əməkdaşlığın böyük narahatlıq doğurduğunu qeyd etmək olar".

Добавить комментарий