Rail Məlikov: "Deyirlər ki, guya, virusu böyük dövlətlər yayıb"


"Çempionat oyunlarının təxirə salınması doğru qərar idi. Açığı, mən bunun "Səbail"lə matçdan sonra baş verəcəyini gözləyirdim. Tam vaxtında addım atıldı. Bu, azarkeşləri, futbolçuları virusdan qorumaq üçün verilmiş qərardır".

Bu fikirləri "Report"a açıqlamasında "Sumqayıt" klubunun futbolçusu Rail Məlikov koronavirus pandemiyasına görə Azərbaycan Premyer Liqasının oyunlarının təxirə salınması barədə danışarkən deyib.

35 yaşlı müdafiəçi bildirib ki, oyunların təxirə salınması futbolçulara mənfi təsir göstərəcək: "Hazırda çempionatın ən qızğın vaxtıdır. Toplanışdan yeni qayıtmışdıq. Getdikcə komanda formaya düşürdü. Fasilə klublara təsirsiz ötüşməyəcək. Bununla belə, uşaqlar fərdi qaydada məşq edirlər. Fiziki hazırlıq üzrə məşqçimiz Edu Karo futbolçulara proqram verib. Həmin tapşırıq əsasında evdə fərdi hazırlaşırıq".

Təcrübəli futbolçu virusu böyük dövlətlərin qəsdən yayması iddialarına inanmır: "Düzdür, belə xəbərlər ortaya atılır. Amma hər şey göz qabağındadır. Bu qədər adam tələf olur. Şükürlər olsun ki, dövlətimiz virusun geniş yayılmasına imkan vermədi. Səhiyyə Nazirliyi bacardığı qədər bunun qarşısını alır. Saat 21:00-dan sonra bir çox əyləncə məkanları fəaliyyət göstərmir. Bunun oyun olub-olmadığını deyə bilmərəm. Amma görünən odur ki, təhlükə var".

Məlikov deyib ki, virusdan qorunmaq üçün evdən bayıra çıxmır: "Yalnız ehtiyac olarsa, nəsə almağa gedirəm. Komandamızın həkimi də hamını maarifləndirdi ki, əsas immunitet güclü olmalıdır. Belədə heç bir xəstəlik insana keçməz. Hər şey Allahın əlindədir. Olacağa çarə yoxdur, amma gərək insan da özünü qorusun. Bol vitamin qəbul etmək və yaxşı qidalanmaq lazımdır".

Futbolçu spirtli içki qəbul etməyin virusu öldürməsi fikri ilə razılaşmır: "Düşünürəm ki, bu, mifdir. Ümumiyyətlə, spirtli içki qəbul etməyin əleyhinəyəm. İranda insanların bundan zəhərlənib öldüyünü hamımız eşitdik. Halbuki onlar bu yolla virusun qarşısını almaq istəyirdilər. Spirtli içkini qəbul etmək yox, ondan dezinfeksiya vasitəsi kimi yararlanmaq lazımdır".

Добавить комментарий