Milli komandamız Hollandiya və Polşaya rəqib oldu

Milli komandamız Hollandiya və Polşaya rəqib olduQadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının Avropa Olimpiya Təsnifat Turnirlərindəki rəqibləri dəqiqləşib.

Pressfakt.az-ın məlumatına görə, yanvarın 7-12-də Hollandiyanın Apeldorn şəhərində keçiriləcək yarışda yığma A qrupunda mübarizə aparacaq.

Hələlik baş məşqçisi olmayan komandamız ev sahibləri, Polşa və Bolqarıstanla qüvvəsini sınayacaq. B qrupunda isə Türkiyə, Almaniya, Belçika və Xorvatiya voleybolçuları güclərini yoxlayacaqlar.

Reqlamentə əsasən, qrupda ilk iki yeri tutacaq komandalar yarımfinala yüksələcəklər. Burada çarpaz olaraq üz-üzə gələcək yığmalar ardınca finalçını müəyyənləşdirəcəklər. Həlledici görüşdə isə Tokio-2020 Yay Olimpiya Oyunlarında Avropanı təmsil edəcək sonuncu komandanın adı dəqiqləşəcək.

Qeyd edək ki, qadınların mübarizəsində Yaponiya, Serbiya, Çin, ABŞ, Braziliya, Rusiya və İtaliya Olimpiadada iştirak hüququ qazanıblar. Son 5 yer isə qitə təsnifat turnirlərində sahiblərini tapacaq.

Добавить комментарий